Əbülhəsən Abbasov
Əbülhəsən Fərhad oğlu Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü. 43 illik elmi-pedaqoji və təşkilati fəaliyyəti ərzində 23 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlayıb; 17 monoqrafiyanın, 4 dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir; 35 tematik kitabın həmmüəllifi və baş redaktoru, 40-dan artıq elmi toplu və monoqrafiyanın elmi redaktoru olub.
12 fevral 1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olub. 1960-1970-ci illərdə Novosaratovka kənd orta məktəbində rus dilində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olub və 1975-ci ildə həmin təhsil ocağını yüksək göstəricilərlə bitirib. Təyinatı üzrə 1 avqust 1975-ci ildə Kibernetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və burada işləyərək, paralel olaraq, saat hesabı əsaslarla üç il ərzində Azərbaycan Dövlət Universitetində (BDU-da) “riyazi fizika tənlikləri”, “kompleks dəyişənlər funksiyalarının nəzəriyyəsi” və “nəzəri mexanika” kursları üzrə seminar və mühazirə dərsləri aparıb. 1975-1978-ci illər – Azərbaycan EA-nın Kibernetika İnstitutunda baş laborant, riyaziyyatçı-proqramist; 1978-1984-cü illər – Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi; 1984-1992-ci illər – Azərbaycan İnşaat İnstitutunun Fəlsəfə kafedrasında müəllim, dosent; 1992-1994-cü illər – Azərbaycan Respublikası Prezident Aparatında (ərazi idarəetmə şöbəsində) böyük məsləhətçi, zona kurartoru; 1994-1996-cı illər – Bakı Ümumqoşun Ali Hərbi Məktəbin polkovniki vəzifəsində bölmə rəisi-professoru; 1996-2009-cu illər – AMEA Fəlsəfə və Siysi-Hüquqi Tədqiqatlar İnstitutunun “Sosial fəlsəfə” şöbəsinin müdiri; 2010-cu ildən bu günə kimi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun (h/h Fəlsəfə İnstitutunun) baş elmi işçisi.
1982-ci ildə Tbilisi Dövlət Universitetində ”Sistemlik-bütövlük problematikasının baza anlayış və prinsiplərinin nisbəti” (09.00.01- dialektik və tarixi materializm) mövzusunda namizədlik dissertasiyasını, 1997-ci ildə isə BDU-da iki ixtisas üzrə (09.00.11 – sosial fəlsəfə; 09. 00.01- dialektika və idrak nəzəriyyəsi) “Mürəkkəb sistemlərin təşkili, fəaliyyəti, təkamülü və onların idarə olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin doktorluq dissertasiyası hələ 1990-cı ilin oktyabr ayında M. Lomonosov adına Moskva Dövlət Universitetində müzakirədən keçirilərək epistemoloji cəhətdən əhəmiyyətli, elmi yeniliklərlə zəngin fundamental iş kimi dəyərləndirilib və müdafiəyə təqdim olunub.